“Nefrologiya və Hemodializ Məktəbi” adlı elmi-praktik konqres - 2025
150-dən çox mütəxəssis nefrologiya və hemodializ sahəsində aktual mövzuların müzakirəsi üçün bir araya gəlib
TƏBİB, Azərbaycan Nefroloqlar Cəmiyyəti, Yeni Klinika və TƏBİB Akademiyasının təşkilatçılığı, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) əməkdaşlığı, “Uptodate in Medicine” təşkilatının texniki dəstəyi ilə Yeni Klinikada “Nefrologiya və Hemodializ Məktəbi” adlı elmi-praktik konqres keçirilib.
Konqresin əsas məqsədi ölkədə nefrologiya və hemodializ sahəsində çalışan həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi, gənc həkim və rezidentlər üçün təcrübə paylaşımına imkan yaradılması, eləcə də tibbi cəmiyyətlər daxilində əməkdaşlığın gücləndirilməsidir.
Tədbirdə TƏBİB-in Təlim və tədqiqatlar departamentinin rəhbəri Teymur Mirzəbəyli, Yeni Klinikanın direktoru Barat Yusubov, Azərbaycan Nefroloqlar Cəmiyyətinin sədri Elnur Fərəcov, eyni zamanda Türkiyədən dəvət olunmuş professor və ölkənin müxtəlif bölgələrindən qatılan 150-dən artıq tibb mütəxəssisi iştirak edib.